IQNA

Aşura və bizim bu günümüz - 6

Gələcəyi qurmaq üçün keçmişə baxmaq

Bəziləri soruşurlar ki, nə üçün İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi üçün bu qədər təkid edilir və bu əzadarlığa verilən bu qədər savab və mükafat nə üçündür, cənnətə getmək bu qədər asandırmı?

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri, səbəb və amilləri, fəlsəfəsi, nəticə və ibrətlərindən danışıb.

Həmin videodərslərin altıncı hissəsini təqdim edirik:

Bəziləri soruşurlar ki, nə üçün İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi üçün bu qədər təkid edilir və bu əzadarlığa verilən bu qədər savab və mükafat nə üçündür? Çünki biz Quran oxuyuruq ki, cənnətə getmək o qədər də asan i deyil. Quranda deyilir ki, qədim ümmətləri elə çətin sınaqlardan keçirdik ki, onlar doğru yoldan azdılar, ələndilər, şübhəyə düşdülər, ayaqları büdrədi. Deməli cənnətə getmək üçün çətin imtahanlardan keçmək lazımdır. Amma hədislərdə oxuyuruq ki, hər kəs İmam Hüseyn (ə) üçün milçəyin qanadı qədər göz yaşı töksə, onun mükafatını Allah verəcək və Allah da onun üçün cənnətdən azına razı olmayacaq. Əgər cənnətə getmək Quran təbiri ilə çətindirsə, necə bir damla göz yaşı ilə cənnət əhli ola bilərik? 

Bunun cavabını bilmək və dərk etmək üçün İmam Hüseynin (ə) Aşura qiyamının nəticələrini və həmçinin İmam Hüseynə (ə) ağlamaqla keçirdiyimiz əzadarlıq məclislərinin təsir və nəticələrini bilməliyik. Biz İmam Hüseynə (ə) göz yaşı tökürüksə, deməli, onu (ə) tanımışıq və anlamışıq ki, nə edib və bizdən nə istəyir. Buna görə də İmam Hüseynə (ə) əzadarlıq etmək, təkcə keçmişə baxmaq mənasına deyil, çünki keçmişə baxmaq gələcəyi qurmaq üçündür.

Məhərrəm ayinləri və əzadarlıqlar keçmişə qayıtmaq üçün deyil, indi doğru yaşamaq və gələcəyi düzgün qurmaq üçündür.

Buna görə də Aşura ziyarətnaməsində bizi Əhli-Beyti (ə) və İmam Hüseyni (ə) tanıyanlardan edən Allah-Taaladan istəyirik ki, bizi İmam Hüseynin (ə) yolunda sabitqədəm etsin. Sabitqədəm olmaq İmam Hüseyni (ə) ziyarət etməyin və onun əzadarlıq məclislərində iştirak etməyin nəticəsidir.

Buna görədir ki, İbn Quləvəyh "Kamiluz-Ziyarət" kitabında 17 hədis İmam Hüseynin (ə) ziyarəti və ona ağlamağın mükafatı barədə rəvayət etmişdir. Amma bu mükafatlara çatmağın bir şərti olduğunu da vurğulamışdır. O şərt "mərifət"dir. Yəni İmam Hüseyn (ə) məktəbində bəsirət və mərifət sahibi olmaq. Əgər əzadarlıq bizi bəsirət və mərifətə çatmazsa, deyilən savabların heç birinə çatmayacayıq. / iqna

kod