İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Guardian qəzeti"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Keniyanın şimalında Mandara bölgəsinin məsul şəxslərindən biri Mahmud Saleh deyib ki, terrorçular bazar ertəsi günü sərnişin avtobusu və bir yük maşınına hücum ediblər. Hücum zamanı 2 nəfər həyatını itirib.
O deyib ki, avtobusda 60 sərnişin olub. “Terrorçular avtobusun içərisinə girib, sərnişinləri aşağı düşürdüblər və daha sonra müsəlmanlarla xristianların iki dəstəyə bölünməsini istəyiblər. Lakin müsəlmanlar digər sərnişinlərdən ayrılmayıblar və onlardan bəziləri xristian qadınlara baş örtüyü veriblər ki, onların kimlikləri bilinməsin”.
Mumbasa şəhər başçısı Həsən Cövhər avtobusun müsəlman sərnişinlərinə xristian sərnişinləri ifratçıların əlindən qurtardıqlarına görə,onlara təşəkkürünü bildirib. “Bu müsəlmanların vətənə olan sevgisi və birliklərinin göstəricisidir. Mən bu avtobusun müsəlman sərnişinlərinə təşəkkür edirəm. Onlar dini ayrıseçkiliyə yol verməməklə insanları xilas ediblər”.
Somalinin əl-Şebab terror qruplaşması 2011 –ci ildən Keniyada müxtəlif cinayətlər törədir. Ötən il bu terror qruplaşması avtobusa hücum etmişdi və 28 sərnişini öldürmüşdi.